“Bekar”la mənasız söhbət

0
50

"Bekar"-ın qəbuluna düşmək hər zaman çətin olur. Nə də olsa, işləri çoxdur. Bu səfər isə bacardıq…

– Bilirəm, səni smartfondan ayırmaq çətin olacaq, amma bir az söhbətləşək?

– Niyə də yox? Həm də telefondan ayrılmadan da danışmaq mümkündür.

– Bilirsən də, bu il "Nəsimi ili" elan olundu…

– Mən də indi onunla bağlı bir posta baxırdım, çox güldüm…

– Nəsimiyə baxıb gülən adam birinci dəfədir görürəm. Maraqlıdır, səni güldürən nədir?

– Niyə gülməyim axı? Nəsiminin qəzəlinə mahnı oxuyublar, özü də ritmik ifa…

– Yəqin ki, şairə olan hörmətsizliyə ironiya ilə gülürsən. Çünki bu təkcə Nəsiminin şəxsiyyətinə, onun yaradıcılığına yox, çoxəsrlik ədəbiyyatımıza edilən təhqirdir.

– Mən belə düşünmürəm, çox adam heç Nəsiminin qəzəllərini də tanımır. Bu isə əzbərləyib, dərk edib, mahnı oxuyur. Özü də xəbərin var da, şair özü bunu ondan istəyib. Hər Afətə Nəsimi ilə yuxuda söhbətləşmək qismət olmur e… Gör necə ürəklə oxuyub. Mən də şəxsi hesabımdan rəy bildirdim ki, "Eşq olsun! Hər zaman yeniliyin tərəfdarıyam".

– Deyirsən, Nəsimi qəzəlini hind musiqisi ilə oxumaq bizim üçün yenilikdir?

– Bu "Bekar"ın söhbəti deyil axı. Sən bu zarafatı eşitmisən? Deyirlər Azərbaycanda axırıncı dəfə zəlzələ olanda hind aktyorları Bakıda öz filmlərinin nümayiş edildiyi televiziya kanallarının binası ilə maraqlanıblar ki, görəsən binaya heç bir zərər dəymiyib ki, yoxsa bizim kanallardan başqa kim yayımlayacaq onların 50 il əvvəlki "Oskar"lıq filmlərini?

Mahnı da hind mahnısıdır, mədəniyyətin mərkəzi Şərqdir. Kim deyir ki, Nəsiminin qəzəllərinə, ancaq lirik, ağır mahnılar yazılmalıdır?!

– Sən də onu bil ki, nə sənin Şərqində, nə Qərb, nə Cənub, nə də Şimalında Nəsiminin qəzəlinin bir misrasını ifadə edə biləcək heç bir cümlə də yoxdur.

– Əgər elədirsə onda bu mənasız hind filmlərlərindənsə, "Nəsimi" filmini yayımlasınlar. Aç televizoru gör Nəsimi ilə bağlı nə tapacaqsan? Əgər tapsan, səninlə razılaşaram.

(Əlbəttə ki, heç nə tapmadım…)

– Bir şey etiraf edim, sosial şəbəkələrdə paylaşılan postlardan daha çox istifadəçilərin yazdıqları rəyi oxuyuram. İradlar, tənqidlər mənim üçün paylaşımlardan daha çox maraq doğurur. Təhqirlər isə başlıca olaraq komediyadır. Bilirsən, komediya işin harasındadır? İnsanlar burada kimliklərini gizlədərək klaviatura yırtıcısına dönürlər. Sonra isə kimlikləri ortaya çıxır və qaçıb gizlənməyə yer axtarırlar. Araşdıranda isə məlum olur ki, 17-18 yaşlı uşaqdı. İndi bu uşağa nə cəza verəsən? Yaxşı, deyək ki, bunlara nəzarəti əldən verən valideynlər ucbatından uşaqlıq edirlər. Bəs ağlı başında yetkin insanı nə vadar edir, tanımadığı şəxslərə klaviatura arxasından təhqiramiz ifadələr yazmağa, hətta təhdid etməyə?

– Belə xoşagəlməzliklərə qarşı bu cür mövqe tutmağını gözləmirdim. Yanılmıramsa, bu vəziyyət səni narahat edir.

– Yanılırsan. Nə qədər ki, təhqiramiz paylaşımlar var, o qədər də təhqiredici rəylər olacaq. Mən və mənim kimilər isə bu kimi postların altına rəylər yazıb boş vaxtımızı dolduracayıq.

– Axı burada vaxtını faydalı da keçirə bilərsən…

– Yəqinki faydalı məlumatları nəzərdə tutursan. Bunlar kimə lazımdır? Zərərli paylaşımlar hər zaman daha çox maraq doğurur. Nə qədər tənqid, hətta təhqir etsələr də, yenə də izləyirlər.

– Kəmiyyət hər zaman hər şey demək deyil axı…

– Kəmiyyət reytinqdir. Reytinq isə bu platformada var olmaq üçün şərtdir. Sosial şəbəkələr bəzi ucuz insanların əlində oyuncaqdır. Kütlənin təhqirinə məruz qalacaqlarını bilə-bilə sırf tanınmaq, ucuz şöhrət üçün buranı özlərinə məkan seçirlər. Sosial şəbəkə onların yayılmasında vasitəçi olur.

– Sosial şəbəkələr vasitəçi olur, yoxsa siz? Belə şəxslərə arzuladıqları reytinqləri qazandıran sizsiz. Əgər siz faydalı olana maraq duysaz, müsbət olana dəstək olarsız. Reytinq yoxdursa onlar da yoxdur. Amma siz faydalı olan heç nəyi görmək istəmirsiz.

– Faydalı paylaşım nədir ki, Elarizə bax, ABŞ-a köçüb, Okeanın dibindən video paylaşıb… Hərə də bir söz deyib.

– Bu paylaşımda qeyri adi nə var axı. İnsanlar adi bir kafedə yemək yeyəndə belə şəkil çəkib paylaşırlar. Nyu-Yorkdan video paylaşmağın nəyi qəbahətdir?!

– Axı o bizi orada təbliğ etmir. Hələ təzə köçüb, indidən baş vurub okeanın dibinə, bulvarımızı pisləyir…

– Okenın dibində o deyile sizsiz…

– Necə yəni?

– Nə isə, ABŞ-da Azərbaycanı təbliğ edən kimlərin adını çəkə bilərsən?

– Elə bir adam var, ümumiyyətlə olub ki?

– Bəs süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə kimdir?

– Kimdir ki? Tində siqaret çəkən sərxoş kimi təsvir olunan heykəl düzəltmişdilər, onu deyirsən? Nə dedin? Qeyri-səlis nə… ? Bunun axı Elarizə və başqalarına nə aidiyyatı var? Gedib ölkəmizi təbliğ etsinlər biz də deyək hə, bu başqa məsələ.

– Ölkəni qoyuram bir kənara sən özün üçün, ətrafın üçün faydalı nə etmisən?

– Mən nə edə bilərəm axı? Xüsusi bir istedadım yoxdur. Deyirsən, mən də bir video çəkim məşhur olum? Yox, mənliyimi o qədər itirməmişəm.

– Necə olur ki, istedadsızlığını etiraf etdiyin halda istedadı olan, əziyyət çəkən, çalışıb tər tökən insanları mühakimə edə bilir, tənqid, təhqir edirsən?

– Təhqir niyə, biz sadəcə tənqid edirik. Sizlər onsuz da heç vaxt tənqidi dəyərləndirə bilməmisiz.

– Yaxşı, yeni bir film çəkilib, deyirlər yaradıcı heyətin ilk filmidir. "Kişi ol!" filmi. Bəlkə gedək izləyək? Onsuz da işin-gücün yoxdur…

– Əminəm ki, peşəkarlıqdan uzaq bir filmdir. Bizimkilər onsuz da bu işi bacarmırlar. Qaldı ki yaradıcı heyətin ilk filmi. Mən belə filmin izləyicisi olmaram.

– Dəyərləndirilməsini istədiyin tənqid anlayışın budursa çox maraqlıdır. Axı filmi izləmədən necə rəy bildirirsən? İdman klubu üçün azarkeş nədirsə, film üçün də izləyici odur. Sən, mən izləməsək film sektoru necə inkişaf edəcək? Yeni işlər üçün bu adamlara stimul verən kim olacaq?

– Siz və sizin kimiləri bilmirəm, ancaq tək bildiyim odur ki, mən və mənim kimilər olmayacaq… Mənim sənə ayırdığım dəyərli vaxtım burada bitdi…

"Bekar"la ona uyğun olan bir vaxtda başqa bir mənasız söhbət üçün görüşərik…

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here