Azərbaycan mənşəli toponimlər erməniləşdirilir

0
6

Ermənilər Qarabağın adının dəyişdirilməsi istiqamətində avantürist cəhdlər edirlər

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov son illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif fəsadları ilə bağlı bir çox sənədlər hazırlayıb. Millət vəkili bununnla əlaqədar AŞPA-nın sessiyası çərçivəsində Nazirlər Komitəsinin sədrinə yazılı sualla müraciət edib. Nazirlər Komitəsinin yazılı suala cavabı avropalı deputatlara təqdim olunub. Rafael Hüseynov bildirib ki, Ermənistanın tarixi saxtalaşdırma və işğal siyasətinin tərkib hissəsi olan toponimlərin kütləvi şəkildə erməniləşdirilməsi məsələsi ilə bağlı Parlament Assambleyasında dəfələrlə məsələ qaldırılıb, tövsiyə xarakterli qətnamə də hazırlanıb. Nazirlər Komitəsinə yazılı sual şəklində ünvanlanan 14797 saylı sənəddə isə ermənilərin son dövrdə Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdəki yer adlarını qondarma şəkildə dəyişdirmək, Dağlıq Qarabağın adını beynəlxalq aləmdə rəsmən Artsax kimi təqdim etmək cəhdlərinin ifşasına yönəlib. Sənəddə deyilir ki, rəsmi xəritələr, müxtəlif nəşrlər və arxiv sənədləri təsdiqləyir ki, XX əsrin əvvəllərində müasir Ermənistan Respublikasının yerləşdiyi ərazidəki 2310 toponimdən 2000-ə qədəri Azərbaycan mənşəli olub və artıq onların hamısı dəyişdirilərək erməniləşdirilib: "Eyni siyasət indi Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində aparılır və hətta dünya ictimaiyyətini çaşdırmaq məqsədilə təmiz Azərbaycan sözü olan Qarabağ adının dəyişdirilməsi istiqamətində avantürist cəhdlər edilir". Sənədin ikinci hissəsi qeyd olunanları nəzərə alaraq deputat Rafael Hüseynovun Nazirlər komitəsinə ünvanladığı belə bir sualdan ibarətdir ki, Ermənistan tərəfinin bu qanunazidd və qeyri-konstruktiv hərəkətləri danışıqlar prosesinə ciddi xələl gətirir, münaqişənin dərinləşməsinə səbəb olur. Bu qəbil kartoqrafik təcavüz siyasətindən Ermənistan tərəfini çəkindirmək üçün Nazirlər Komitəsi hansı mümkün addımları ata bilər? AŞPA-da qəbul edilmiş qaydalara müvafiq olaraq Nazirlər Komitəsinə yönələn yazılı suallar həmin qurumun cavabı ilə birgə ayrıca sənəd kimi nəşr edilərək tirajlanır. Nazirlər Komitəsinin bu müraciətə cavabında bildirilir ki, Azərbaycanın və Ermənistanın Avropa Şurası qarşısında öhdəliyi var ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsinlər. Nazirlər Komitəsi dəfələrlə vurğulayıb ki, problemin həlli məsələsində bilavasitə səlahiyyət ATƏT-in Minsk qrupunun həmsədrlərində olsa da, Avropa Şurası irəliləyiş əldə edilməsinə töhfələrini verməyə həmişə hazırdır. Münaqişənin həllinə, danışıqlar prosesinə zərər vuran istənilən cəhd isə qəbuledilməzdir.

Qış sessiyasının ikinci iş günündə artıq Avropa Şurasının (AŞ) baş katibi kimi səlahiyyət müddəti başa çatan Torbyorn Yaqland bu qurumdakı fəaliyyəti ilə bağlı yekun nitq söyləyib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov T.Yaqlanda sualla müraciət edib. Azərbaycanlı deputat diqqəti ölkəmiz üçün son dərəcə narahat problemə yönəldərək, Azərbaycan ərazilərinin işğalı, qaçqın və məcburi köçkünlərimiz məsələsini yenidən gündəmə gətirib: "Sizin Avropa Şurasına 10 illik baş katibliyiniz sona çatır və indi fəaliyyətinizə qiymətverici nöqteyi-nəzərdən yanaşmaq olar. Belə bir ironik, amma acı həqiqəti ifadə edən fikir var ki, bir nəfərin həlak olması faciə, min nəfərin ölümü statistikadır. Təqdirəlayiq haldır ki, siz bəzən bir nəfəri müdafiə etmək üçün Avropa Şurası tarixində müşahidə edilməmiş addımı atmağa, müstəsna hüquqlarınızdan istifadə edərək bir dövlətə qarşı sanksiya tətbiq etdirməyə hazır oldunuz. Lakin baş katib olduğunuz müddətdə Ermənistandan deportasiya edilmiş 300 min azərbaycanlı qaçqının, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və işğal edilmiş ətraf yeddi rayonundan olan 700 min məcburi köçkünün probleminin həll edilməsi, onların doğma yurdlarına qayıtması üçün heç bir əməli addım atmadınız. Halbuki bu məsələni ATƏT-in üzərinə atmaq əvəzinə tutduğunuz çox yüksək vəzifənin imkanlarından yararlanaraq yetərincə təsirli tədbirlər görə bilərdiniz. Bu görülməli olub görmədiyiniz işlərə görə məsuliyyətinizi hiss edir və hər hansı peşmançılıq keçirirsinizmi? Yaxud bütün bunları elə normal hal hesab edirsiniz?"

Azərbaycanın qaçqın və məcburi köçkünləri ilə bağlı daim narahatlıq duyduğunu söyləyən T.Yaqland bu humanitar faciənin həll edilmədən qalmasını müştərək dərd adlandırıb. Baş katib bildirib ki, bununla bağlı Avropa Şurasında ən müxtəlif müzakirələr aparılsa da, bizim əhəmiyyətli bir irəliləyişə nail ola bilməməyimiz əlimizdə işlək mexanizmin olmaması ilə bağlıdır. Bu məsələnin həllində əsas məsuliyyət ATƏT-in Minsk qrupunun, həmsədrlərin üzərinə düşür.T.Yaqland sözlərini bir qədər də konkretləşdirərək əlavə edib: "Əlbəttə, baş katib qismində Birləşmiş Millətlər Təşkilatının bilavasitə qaçqın və məcburi köçkünlərlə bağlı iş aparan qurumlarına da müraciət edə bilirəm. Təəssüf ki, onlar da bizi yenə ATƏT-in Minsk qrupuna yönəldəcəklər. Təbii ki, həmin vəziyyəti yaşayan insanların nələr çəkdiyini, belə vəziyyətin nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil. Mən bunun məsuliyyətini hiss edirəm".

Azərbaycanın AŞPA-da nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva isə Avropa Azad Demokratlar qrupu adından Nazirlər Komitəsinin sədri Timo Soininə sualla müraciət edib: "Avropa siyasi mənzərəsində qitəboyu mühüm məsələlərin siyasi və ictimai müzakirəsinə təsir göstərmək, geniş yayılmış hiss və üstünlükləri dəyişdirmək potensialına malik populist qüvvələrin artma meylini müşahidə edirik. Baş katib özünün 2017-ci il insan haqları, demokratiya və qanunun aliliyinin vəziyyəti ilə bağlı hesabatında bu təhlükəli meyli xüsusi vurğulayır və üzv dövlətləri Avropada populizmin dözülən və adi hal almasına səbəb olan bütün dəyişikliklərə fəal qaydada müqavimət göstərməyə çağırır. Birləşmiş və ümumi Avropanın gələcəyi üçün vacib olan belə həlledici məsələlərə müvafiq şəkildə riayət olunmasını təmin etmək üçün Nazirlər Kabinetinin nəzərdə tutulan, həyata keçirəcəyi təşəbbüslər və ya fəaliyyətlər barədə məlumat almaq istərdik".Nazirlər Komitəsinin sədri bildirib ki, son illər gündəlik həyatdakı vəziyyət insanları çox narahat edir.O, insanların siyasətçilərə inamının azaldığını, hətta özlərini unudulmuş hesab etdiklərini bildirib. Əlavə edib ki, onlar 4-5 ildən bir seçkilər zamanı xatırlandıqlarını düşünürlər. Sədr Fransada insanların yanacağın qiymətinin artmasına etiraz etdiklərini bildirərək, onların heç də pis insanlar olmadığını vurğulayıb, ancaq zorakılıqdan uzaq olmağı tövsiyə edib. Müzakirələrə önəm verilməsinin vacibliyini bildirən sədr xalqın fikrinə hörmət edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here