Reinkarnasiya-insan ruhunun transformasiyası

0
6

"Ölülər kitabı", klinik ölüm və qədim Yunan fəlsəfəsi

"Mən bu dünyada 80 dəfə müxtəlif bədənlərdə yaşamışam. Həmin 80 nəfər bir araya gəlsəydi, bir-birini tanımazdı. Bundan sonra da bu dünyaya hələ çox gəlib-gedəcəm"…

Səid Nursi ( 1878-1960) İslam alimi və filosofu, "Risale-i Nur" Külliyatının müəllifi və Nur Camaatının ustadı belə deyib. O, reinkarnasiya-ruhun təkrar qayıdışı və bədənləşməsi, ruhun bir bədəndən digərinə keçməsi ilə bağlı qədim Hind fəlsəfi təlimini qəbul edirdi…

Bütövlükdə isə səma dinləri reinkarnasiyanı rədd edir. Ancaq musəvi, xristian və islam dinlərinə etiqad edənlər arasında reinkarnasiya inanan az saylı təriqətlər var…
Reinkarnasiya ilə bağlı fərqli yanaşmalar sərgilənir. Bir tərəf iddia edir ki, insan öldükdən sonra Yer üzünə məhz insan cildində gəlir. Başqa bir tərəf isə insan ruhunun heyvanlara, quşlara, böcəklərə, hətta bitkilərə keçdiyini iddia edir…

Allah bizi elə bir dünyada yaşamağa məhkum edib ki, bütün həqiqəti bilmək, sadəcə, mümkün deyil. Çünki o qədər fərqli təfsirlər, yanaşmalar var ki, adam lap başını itirir…

İslam və təsəvvüf ( reinkarnasiya) dünyasında tanınmış şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud fəlsəfəsinin nümayəndəsi Mövlana Cəlaləddin Ruminin yaradıcılığında da bu kimi fikirlərə rast gəlirik: "Mən cansız idim, öldüm, yetişib inkişaf edən bir bitki oldum. Bitki ikən öldüm, heyvan surətində zühur etdim. Heyvan bədənindən də keçdim, heyvan ikən ölüb insan oldum. Artıq ölüb yox olmaqdan niyə qorxum? Bir həmlə daha edim, insan kimi ölüm, mələklər aləminə keçib qol-qanad açım. Mələk olduqdan sonra da irmağı adlamaq, mələk sifətini də tərk etmək gərəkdir…Hər şey fanidir, həlak olur, ancaq onun həqiqəti baqidir".
Cəlaləddin Rumi Səlcuqlar zamanında məşhur sufi şairi idi. Sufi təriqətinin 'Hüluliyyə' qolunun mənsubu olub. Onlar Allahın insanın və ya digər məxluqatın cildinə girdiyinə etiqad edir. Ona görə də Allahın İsanın surətinə girdiyinə inanırdılar. Məhz bu səbəbdən onlar İsa peyğəmbəri Allah sayıblar.

Bu təriqətin məşhur şeyxləri öz əsərlərində bu cür ifadələr söyləyib: "Ənəl Həqq"- yəni, "Mən Allaham" və ya "Mənim əbamın içində Allahdan qeyrisi yoxdur!"

Aşağıdakı hadisə isə sufilər arasında ən çox nəql edilən hekayədir:

Bir gün bir nəfər Əbu Yəzid əl-Bistaminin evinə gəlir və qapını döyür. Əbu Yəzid əl-Bistami soruşur:
– Kimi istəyirsən?
Qapını döyən deyir:
– Əbu Yəzidi istəyirəm!
Əbu Yəzid əl-Bistami deyir:
– Evdə Allahdan başqası yoxdur!

Cəlaləddin Rumi "Məsnəvi" kitabının birinci cildinin müqəddiməsində yazır:
– Bu kitabın adı Məsnəvidir. O, dinin əslinin, əslinin, əslidir. Ona yalnız pak olan toxuna bilər. Bu kitab Aləmlərin Rəbbi tərəfindən endirilmişdir…
Şair inanırdı ki, Allah onu özünə hülul edib, yəni onun surətinə girib və Allah onun dili ilə danışır. Cəlaləddin Rumi bu etiqadı öz müəllimi olan Şəms Təbrizidən almışdı…

Shri Mataji

Qədim dünya

Dünyanın qədim və mədəni xalqları arasında da bu inam xeyli populyar olub. Tarixdə məlum olan Hindu Veda mətinlərində ilk dəfə bu barədə söhbət açılır. Həmin mətinlərin yaşı bizim eradan əvvəlki bir neçə yüz illə ölçülür. Ancaq dəqiq tarix söyləmək hələ ki, mümkün deyil. Qədim Yunan alimi Stabo, bizim eradan əvvəl 6-cı yüzüillikdə yazıb. Bizim eradan əvvəl 5-ci yüzillikdə yaşamış və Şərqdə daha çox Əflatun kimi tanınan filosof Platon da bu barədə yazıb. O, qədim dünyanın nəhəng alimləri kimi tanınan Aristotelin müəllimi, Sokratın isə şagirdi olub. Ondan yüz il əvvəl yaşamış Samoslu Pifaqor da reinkarnasiya haqqında dəfələrlə yazıb. Bəllidir ki, o, elmi bilgilərin bir hissəsin qədim Babil və Misir kahinlərindən öyrənmişdi. Adını çəkdiyim alimlər insan ruhunun əbədi olduğuna və ruhun müxtəlif canlılarda yenidən doğuluşuna inanırdı. İnsan ruhu dəfələrlə müxtəlif bədənlərdə yenidən üzə çıxır. İnsan ruhu ölümlə yenidən doğuluş arasında var-gəl edir…

Səma dinləri

Xristianlığın ilkin mərhələsində reinkarnasiyaya inam güclü idi. Bizim eranın 325-ci ilindən etibarən reinkarnasiya xristianlıqda kafirlik elementi kimi qəbul olunur. Və bu məsələ ilə bağlı mətnlərə kütləvi şəkildə od vurulur. Bu proses Konstantinopolda 553-cü ildə başa çatır. Xristianlar cəhənnəm qorxusu ilə bu kimi fikirlərdən uzaqlaşdı.
Xristianlıqdan sonra ortaya çıxan İslam da bu məsələdə radikal mövqe nümayiş etdirdi. Ruhun yeni bədənə keçərək həyatını davam etdirdiyini deyənlər Quranın əsasən aşağıdakı iki ayəsinə istinad edirlər: "Siz Allahı necə inkar edərsiniz, ölüydünüz diriltdi sizi, yenə öldürəcək, yenə dirildəcək sizi. Və Onun dərgahına dönəcəksiz axırı". (Baqara 28) "Gecəni gündüzə, gündüzü gecəyə qatırsan, ölüyə can verirsən, diridən can alırsan, istədiyini hesabsız ruzuya çatdırırsan" (Ali İmran 27) Ancaq islam alimləri bu arqumenti keçərli saymır və bu ayələrə tam fərqli təfsir verirlər.
O da maraqlıdır ki, monoteistik-Təkallahlı din kimi tanınan İudaizmə tapınan yəhudilər arasında bu düşüncəyə inam başlanğıcda güclü olub. Ancaq sonra musəvilikdən də bu düşüncəni kənarlaşdırıblar. Ancaq indi də ortodoks yəhudilər bu düşüncəyə inanır.

Yeni doğulan uşaq bizim əcdadımızdır?

Dünyanın dörd yanında yaşamış xalqlar arasında da bu düşüncə var. Məsələn, Avstraliyanın yerli xalqları əmindir ki, yeni doğulan uşaqlar onların bir vaxt əcdadı olmuş şəxslərdir. Afrika, Asiya, Bütövlükdə Amerikada belə düşünən qədim xalqlar var.
Hinduizm, Buddizm, Caynism, Siqism reinkroniasai qəbul edir. İslamda Druzlar və şiəliyin bir qanadı olan qulatlar, kaysanilər, ismaililər, mötəziləçilər, əliallahilər də bu düşüncəyə tapınır. Məsələn, etnik baxımdan ərəb olan druzlar ismaillikdən şaxələnib. Druzlar Fatimi xəlifəsi Hakimdə (996-1021) Allahın təcəssüm etdiyinə və ruhların ölməzliyinə inam bəsləyirlər.

"Ördəyin suya baş vurması"

"Əliallahi" təsəvvürlərinə görə, ölüm yoxdur, ölüm deyilən "ördəyin suya baş vurması" kimidir. İnsan şəklini dəyişə-dəyişə ömrünü davam etdirir. Tənasüx yolu ilə hər bir fərd min bir təcəssüm yaşamalıdır. Bu proseslərdə o, öz əməllərinə görə əvəz alır və çirkabdan təmizlənir.
Tənasüxçülərin fikrincə, adam köhnə paltar dəyişən kimi, ruh da bədəndən bədənə keçərək yaşayır və bu proses bu dünyada baş verir. Tənasüxçülər ruhun təmizlənənəcən bədəndən bədənə keçməsini, həşəratlarda, müxtəlif heyvanların bədənində yaşadığını deyirdilər. Onlara görə, cənnət və cəhənnəm də şərtidir – bunlar ruhun bədəndə çəkdiyi cəza və ya aldığı mükafatdır. Ruhun yeni bədəndə həzz alması və ya iztirablara düçar olması isə onun əvvəlki əməllərinə görədir.

Neyrocərrahın klinik ölümü

Amerikalı alim və cərrah Raymond Moody-nin "Həyatdan sonrakı həyat" kitabı XX əsrdə ən çox oxunan kitablar sırasında xüsusi yer tutur. Bu kitab kliniki ölüm keçirən yüzlərlə insanın söylədikləri əsasında yazılıb. Ancaq biz sırf tibbi bilgilərə söykənən alimlərin yazdığına nəzər salaq. Məsələn, mənə aşağıdakı nümunə isə daha inandırıcı görünür. Uzun müddət Harvard Universitetində dərs deyən, neyrocərrah Eben Aleksandr özünü xristian hesab etsə də, heç vaxt axitərə inanmayıb: "Mən neyrocərrah kimi "bədəndən kənar təcrübə" fenomeninə ciddi baxmırdım. Atamın yolunu davam etdirərək neyrocərrah olmuşam, İnsanın ölüm ayağında olduğu zaman beyində nə baş verdiyini anlayıram, ona görə də həmişə hesab etmişəm ki, ölümdən möcüzə olaraq qurtulan insanların təsvir etdikləri bədəndən kənar səyahətin ağıllı elmi izahı mövcuddur", o, öncə belə deyərdi.
2008-ci ilin payızında onun özünün komaya düşməsindən sonra hər şey dəyişib. Bir həftə ölümlə həyat arasında qaldı. Ayıldıqdan sonra o yazırdı ki, baş çəkdiyi mistik məkan kliniki ölüm yaşamış insanların çoxsaylı təsvirlərinə oxşayırdı: "Mən əvvəlki kimi, həkiməm və yenə də elm adamı olaraq qalıram. Lakin daxildə əvvəlki adamdan çox fərqlənirəm. Çünki mən reallığın yeni mənzərəsini görmüşəm".

Tibetin "Ölülər kitabı"

Tarix boyunca müxtəlif coğrafiyalarda, müxtəlif dövrlərdə yaşayan insanlar ölümün sirrini açmağa çalışmış, ancaq iflasa uğramışlar. Tibet buddizminə görə, VIII əsrdə Hindistandan Tibetə səfər edən, "nilufərdən doğulan" Padma Sambhava dünyaca məşhur "Ölülər Kitabı"nı yazır. Lakin Padma Sambhava kitabın təhlükəli əllərə düşməsindən qorxaraq onu gizlətdi. Kitab 600 il sonra, yuxuda onun yerini görən şəxs tərəfindən XIV əsrdə yenidən tapıldı.
Həmin kitabı 1927-ci ildə İngiltərədə nəşr etdirdi. Böyük marağa səbəb oldu. Diqqət çəkən odur ki, VIII əsrdə qələmə alınmış kitabda yazılanlar kliniki ölüm yaşayan şəxslərin hal-hazırda danışdıqlarına eynilə uyğun gəlir.
Bardo tibetcə "ara həyat" deməkdir. Tibetlilər buddizmin əsas inanclarından biri olan reinkarnasiyaya dərin inam bəslədiklərindən, ölümü ara həyat hesab edirlər…

Bu kitab haqqında məlumata "The Beatles" qupunun mahnılarında, pop musiqisində və Hollivud filmərində rast gəlmək mümkündür.
Ümumiyyətlə, "reinkarnasiya" haqqında on minlərlə kitab yazılıb, bu barədə Youtube kanalında saysız hesabsız video materiallar var.

Karma, Sansara

Hinduizmin təməl inanclarından biri karma qanunlarına bağlıdır. Reinkarnasiya görə, hər bir canlı sansara (ruhun bir bədəndən başqasına keçməsi) dairəsində dövr edir. Bu, karma qanunları ilə tənzimlənir. Karma insanın pak və ya günahkar olmasını özündə birləşdirən nəsnədir.
Bəziləri düşünür ki, ruh insan səviyyəsinə qalxdısa, bir daha oradan düşməyəcək. Ancaq bunun əksini iddia edənlər də var. Yəni insan ruhu təmiz deyilsə o, daş, bitki, heyvan… səviyyəsinə geri dönə bilər. Sonra inkişaf aşağıdan başlayır və yuxarıya doğru davam edir. Hətta belə bir fikir var ki, fil bədənində dünyaya gəlmək qarışqa bədənində gəlməkdən yaxşıdır. Çünki fil heyvanların ən böyüyüdür. Fil kimi öldükdən sonra dünyaya insan bədənində gəlmək olar. Ancaq qarışqa kimi ölənlər filə qədər olan irili-xırdalı heyvanların bədənində dünyaya gəlib-getməyə məhkumdur. Yalnız ondan sonra o ruh insan bədəninə yol tapa bilər. Sufizmdə isə ölən insan geridə qalan növlərə dönmür, o, əməlindən asılı olaraq mükafat və ya cəza alır.

Bəs Elm nə deyir?

İnsanin ruhu varmı? Elm bu suala ciddi maraq göstərir. Təəssüf ki, elmin bugünkü səviyyəsi bu suala birmənalı cavab vermək gücündə deyil. Sabah necə olacaq? Bəlli deyil. Bilinən odur ki, alimlər bu sahəni dindarların, mistiklərin, ilahiyyatçıların…öhdəsinə buraxmaq fikrində deyillər. Və mən əminəm ki, nə vaxtsa elm bu suala da tutarlı cavab tapacaq. O vaxta qədər isə söylənilən bütün fikirlər sadəcə ehtimal kimi maraq kəsb edə bilər…

Yazının hazırlanmasında istifadə edilən qaynaqlar:

http://adishakti.org/_/reincarnation_in_islam.htm

https://www.quora.com/Do-Muslims-believe-in-reincarnation

http://www.buddhanet.net/ans32.htm
http://dergipark.gov.tr/download/article-file/515749
http://www.islamevi.az/?p=3534
http://ar-rad.org/article/flsf-v-irfan/ruminin-mnvi-msnvisi-islamin-sasinin-sasini-trnnum-edir

http://www.reldem.net/tenasaz.html

Elbəyi Həsənli, musavat.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here