Ümid yalnız sizədir, cənab prezident!

0
4

Xaricdə yaşayan azərbaycanlı iş adamları hüquqlarının öz ölkəsində pozulması ilə bağlı dövlət başçısına müraciət edib

Qanunların aliliyinin hər kəs üçün bərabər səviyyədə təmin edilməsi dövlətin təməl prinsiplərindən biridir. Məhkəmələrin, hüquq-mühafizə orqanlarının əsas vəzifəsi vətəndaşların hüquqlarının təmin olunmasına yardımçı olmaqdır. Təəssüf ki, bəzən qanunların aliliyini qorumalı olan qurumlar özləri onu pozurlar.

Redaksiyamız vasitəsilə ölkə prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən Rəhimli Vüsalə də hüquqlarının pozulmasından, məhkəmənin bir fırıldaqçının sifarişi ilə ona və ailə üzvlərinə qarşı qərəzli, heç bir əsası olmayan qərar çıxarmasından şikayətçidir. Müraciətdə deyilir:

"Hörmətli Prezident!

Sizə, hüquqları öz vətənində məhkəmə orqanları tərəfindən kobud sürətdə pozulan, xaricdə yaşayan Azərbaycan vətəndaşı kimi müraciət etməyə məcburam. Belə ki, mənə, həyat yoldaşım Sakin Ağayevə və onun qızı Avropa vətəndaşı Dilarə Ağayevaya qarşı İbrahimov Fikrət Vəli oğlu tərəfindən ərazi üzrə bizə heç bir aidiyyatı olmayan Bakı şəhəri Pirallahı rayon Məhkəməsində pul vəsaitinin tutulması barədə mülki qaydada əsassız vəsadət qaldırılmış və hakim Əkrəm Sabir oğlu Qəhrəmanovun sədirliyi ilə, bizim iştirakımız təmin olunmadan işə baxılaraq qarşı tərəfin xeyrinə bizdən birgə qaydada 698000 ABŞ dollar pul vəsaitinin tutulmasına dair qanunsuz 2(094)-396 /2017 nömrəli, 26.07.18-ci il tarixli qətnamə qəbul edilmişdir. Məhkəmə prosesi bərəsində bizə heç bir bildiriş verilməmiş və məhkəmə İddiaçı tərəfindən tərtib olunaraq birtərəfli qaydada imzalanan "müqaviləyə" hüquqi sənəd kimi istinad edilərək heç bir məntiqə sığmayan absurd Qətnamə çixarmışdır. F.V.İbrahimovun fırıldağçılığı Qazaxıstan Respublikası Məhkəmələrində açıq məhkəmə çəkişməsində sübuta yetirilmiş və əksinə, məhz onun bizə borcu olduğuna dair müafiq Qətnamə qəbul edilmişdir. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bütün bu qanunsuzluqlara və saxtakarlıqlara baxmayaraq, yuxarı məhkəmə instansiyalarında da bu biabırçı və ölkəmizin adına ləkə gətirən qətnamə öz qüvvəsində saxlanılmışdır.

Həyat yoldaşım Ağayev Sakin tərəfindən konstitutsiya hüquqlarımızın bərpa edilməsi ilə bağlı AR Konstutsiya Məhkəməsinə şikayət ərizəsi verilmişdir. Şikayət ərizəmizdə konstitutsiya hüquqlarımızın dəfələrlə pozulması faktı öz əksini tapmışdır. Konstutsiya Məhkəməsin instansiyasında sikayət ərizəmiz hələ 03 oktayabr 2018-ci il tarixində icraata qəbul olunmasına baxmayaraq, bu günə qədər bu işə dair hələ də yekun qərar qəbul edilməmişdir.

Şikayət məktubunda qeyd edilir ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qərar verməlidir. Təəssüf ki, kobud saxtakarlıq və qanun pozuntusuna yol verməklə bizə qarşı qanunsuz qətnamələr çıxarılmış və bu qanunsuzluqda da bilvasitə məhkəmələr iştirak etmişdir."

Bəlkə də buna inanmaq mümkün deyil, amma məhkəməyə ofşor şirkətə dair boş müqavilə blankı, yəni bizim imzamız, möhürümüz olmayan və heç bir əhəmiyyət kəsb etməyən müqavilə blankı təqdim edilmiş, məhkəmə isə bizim məhkəmə baxışında iştirakımızı təmin etməyərək qərəzli, birtərəfli qaydada, qeyri-obyektiv qətnamə çıxarmışdır. Hüquqi şəxslər arasında münasibətlər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən inzibati-iqtisadi məhkəmələrdə həll olunur. Buna baxmayaraq, kobud qanun pozuntusuna yol verilmiş və işə Bakı şəhəri Pirallahı rayon məhkəməsində baxılmışdır"- deyə şikayət məktubunda bildirilir.

Özü də "Müqavilədə" hüquqi şəxslər arasında olan münasibətdən, yəni hüquqi ünvanı xaricdə olan xarici hüquqi şəxslərdən bəhs edilsə də, işə ümumi məhkəmə baxmışdır. Hüquqi şəxslər arasında olan çəkişməyə baxan Pirallahı rayon Məhkəməsi fiziki səxslərə qarşı Qətnamə çixarmişdir.

Bakı şəhəri Pirallahı rayon Məhkəməsi cavabdehlərin heç birinə bildiriş göndərməmiş və guya cavabdehlərdən birinə göndərdiyi bildiriş isə ona 19.06.2017-də təqdim edilmişdir. Halbuki, Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi arayışda həmin səxsin respublikaya ancaq 24.06.2017-ci ildə daxil olduğu göstərilmişdir. Bu isə açıq-aşkar saxtakarlıqdır.

Bütün bu saxtakarlıqlarla müşayət olunan Pirallahı rayon Məhkəməsinin Qətnaməsindən tərəfmizdən qanunvericiliyə uyğun səkildə apellyasiya şikayəti verilmişdir. "Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər E.Q.Nəbiyev (sədirlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.N.İmanov) maddi və prosessual hüquq normalarının pozulması ilə müşaiyət olunan qətnamə çıxarmış və 29 yanvar 2018-ci il tarixdə həmin qətnamə ilə Pirallahı rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

"Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Buna baxmayaraq Bakı şəhər Apellyasiya Məhkəməsi qanunun bu tələblərinə riayət etməmiş, həqiqətin aşkara çıxarılması, iş materiallarında olan sübutların tədiqiqi, iş materiallarında olan ziddiyyətlərin aradan qaldırılması məqsədilə, o cümlədən cavabdeh şəxslərin izahatlarının alınması istiqamətində heç bir hərəkət etməmiş, qanunsuz və əsassız olan Pirallahı rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

Şikayət məktubunda bildirilir ki, "Mülki işə Pirallahı rayon Məhkəməsi tərəfindən baxılması ərazi aidiyyati prinsipinin pozulması ilə müşaiyət olunmuşdur. Belə ki, məhkəmədə iştirak edən iddiaçı və cavabdehlərin heç biri Pirallahı rayonunda pasport qeydiyyatında deyil. "İddiaçıya cavabdehin telefon nömrəsini verdiyi üçün" cavabdeh kimi cəlb edilmiş Novruzov Abuzər Novruz oğluna qarşı isə iddiaçı tərəfindən heç bir tələb yönəldilməmiş, məhkəmə iclasinda iştirak etməmiş, qətnamədə həmin şəxsin yalnız adı qeyd edilmişdir. Sırf bu səbəbdən şəxsin cavabdeh qismində işə cəlb edilməsi absurddur. Digər tərəfdən Azərbaycan Respublikası DİN-n BPQMİ-nin MAPS şöbəsindən alınan rəsmi arayışa əsasən Novruzov Abuzər Novruz oğlunun da Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı aşkarlanmışdır. Buna baxmayaraq Pirallahı rayon Məhkəməsinin işə baxan hakimi işə qərəzli şəkildə yanaşaraq və tərəfkeşlik nümayiş etdirərək heç bir hüquqi əsası olmayan qətnamə qəbul etmişdir."

Bu saxta məhkəmə qətnaməsi artıq icraya yönəldilmiş və bunun nəticəsində Qazaxıstanda iş adamı kimi tanınan həyat yoldaşımın "borclu" qismində respublika ərazisindən çıxmasına məhdudiyyət qoyulmuşdur.

Rəhimli Vüsalə qeyd edir ki, "İddiaçı İbrahimov Fikrət Vəli oğlu ilə cavabdehlər Rəhimli Vüsalə Mahmud qızı və ya onun ailə üzvləri arasında "metal məhsulunun alqı-satqısına" dair heç bir müqavilə mövcud olmamış və iddiaçı tərəfindən cavabdehlərə olmayan müqavilə üzrə heç bir ödəniş həyata keçirilməmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı məhkəməyə iddia tələbini əsaslandıra biləcək heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən həmin "sənədlər" mötəbər sübut olaraq qiymətləndirilmişdir. Bu isə öz növbəsində məhkəmənin maddi hüquq normalarından xəbərsiz olmasını və ya bilərəkdən iş materiallarının dəqiq araşdırmamasını və ya göz ardı etməsini sübut edir ki, bu hal da bizdə təəccüb və təəssüf hissi doğurur.

İş materiallarına əlavə edilmiş 698.000,00 ABŞ dolları məbləğində pul vəsaitinin İbrahimov Fikrət Vəli oğlu tərəfindən, guya onun qohumlarından birinə verilməsinə dair kağız parçasına məhkəmə tərəfindən hüquqi qiymət verilməsi və kimin tərəfindən imzalanması məlum olmayan, qanunvericilikə nəzərdə tutulmuş qaydada təsdiqlənməyən, həmçinin Azərbaycan dilinə tərcümə edilməyən "sənədin" mötəbər sübut olaraq qiymətləndirilməsi və həmin kağız parçasına əsaslanaraq yuxarıda göstərilən məbləğdə pul vəsaitinin cavabdehlər Rəhimli Vüsalə Mahmud qızı və onun ailə üzvlərindən tutulması barədə qətnamənin qəbul edilməsi də məhkəmə tərəfindən qanunilik, obyektivlik prinsiplərinin pozulmasını və qətnamənin heç bir hüquqi əsas olmadan qəbul edilməsini bir daha sübut edir.

Xatırladaq ki, Rəhimli Vüsalə və həyat yoldaşı Ağayev Sakin Qazaxıstan Respublikasında biznes fəaliyyəti ilə məşğul olurlar. "Fəaliyyətimiz dövründə qanunlara hörmətlə yanaşmış, dövlət səviyyəsində müraciət olunan bütün işlərdə daim Azərbaycan Respublikasının mənafeyini əsas tutmuş, problemlərin həllində Azərbaycan diasporasının fəal üzvləri kimi köməyimizi əsirgəməmişik. Qazaxıstan Respublikasında təsis edilmiş müəssisənin təsis payının 50%-nin Azərbaycan Respublikası vətəndaşı İbrahimov Fikrət Vəli oğluna satılması nəticəsində bu şəxsin mənə borcu yaranmış və o, borcunu ödəyəcəyini söz versə də, ödənişdən müxtəlif bəhanələrlə yayınmışdır. Qazaxstan Respublikası Məhkəməsi İbrahimov Fikrət Vəli oğlundan sözügedən borcun tutulub mənə ödənilməsi barədə qətnamə çıxardıqdan sonra bu şəxs müxtəlif saxtakarlıqlara əl ataraq, Bakı şəhəri Pirallahı rayon Məhkəməsində mənə və ailə üzvülərimə qarşı qanunsuz qətnamə çıxarılmasına nail olmuşdur. Məhkəmə prosesində Qazaxstan Respublikasında İbrahimov Fikrət Vəli oğluna qarşı çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə heç bir əhəmiyyət verilməyib. Bu qətnamə ilə məhz İbrahimov Fikrət Vəli oğlunun borclu olduğu, ən əsası isə Azərbaycan məhkəmələrində istinad edilən saxta müqavilənin mövcud olmadığı müəyyən edilmişdir. Ölkələrimiz arasında məhkəmə sənədlərinin tanınmasına dair müvafiq müqavilənin mövcudluğunu nəzərə alaraq Qazaxstan məhkəməsinin qətnaməsinin tanınması üçün qanunvericiliyə uyğun şəkildə Azərbancan Ali Məhkəməsinə müraciət olunmuşdur.Muraciətimizə baxiş 21dekabr 2018-ci il tarixinə təyin olunmuşdur.

Rəhimli Vusalə dövlət başçısı cənab İlham Əliyevdən, birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyərək, pozulmuş hüquqlarının bərpasına yardım etmələrini xahiş edir.

" Cənab Prezident! Siz hər zaman ölkəmizdə qanunların aliliyinin təmin olunmasına şərait yaratmış, vətəndaşların hüquqlarının qorunmasına çalışmısınız. Mən və ailə üzvülərim qurama, heç bir hüquqi əsası olmayan bir iddia ilə üz-üzə qalmışıq. Təəssüf ki, məhkəmələrimiz də haqsız olan tərəfin mövqeyini müdafiə etməklə bizi çətin vəziyyətdə qoyub! Ədalət mühakiməsinə inamın itməsi yaxşı hal deyil. Bu məsələnin araşdırılmasının vacibliyinin diqqətə alınmasına ümid edir və sizdən kömək gözləyirəm. İnanıram ki, siz ədalətin bərqərar olunmasına, bizim pozulmuş hüquqlarımızın bərpasına kömək edəcəksiniz. Çünki məhkəmə qərarları dövlətin adından verilir. Amma məhkəmə dövlətin özü deyil. Dövlət və onun qarantı dövlət başçısıdır!

Mən öz dövlətimə, Sizin böyük ədalətinizə hər zaman inanmışam. Bütün bu qanunsuzluqlara son qoyulması üçün səlahiyyətlərinizdən istifadə edərək, işin ədalətli araşdırılması üçün aidiyyatı orqanlara tapşırıq verəcəyinizə böyük ümüd bəsləyirəm".

Hörmətlə,

Rəhimli Vüsalə Mahmud qızı

Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşı"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Xəbərin mənbəyi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here