Festivallı düşüncələr

0
2

ƏNTİQƏ QONAQ,

əməkdar jurnalist

Əslində Türkiyəyə avtobusla gedib gəlməyin çətinliyini bu yolun yolçuları daha yaxşı bilirlər. Mən də təxmin etmişdim bir qədər. Amma bu səfərin bir çox özəllikləri vardı. Ən əvvəl, özəl avtobus idi məxsusi festival iştirakşıları üçün. 60 nəfərlik nümayəndə heyəti bərabər yola çıxacaqdıq. Yolçuların əksəriyyəti bir-birini tanıyırdı. Ən başlıcası da, nümayəndə heyəti üzvlərinin ədəbiyyat adamları-yazar, müğənni, şeir, musiqi əhli olması yol yorğunluğunu unutduracaq anlamına gəlirdi. İştirakşılar barədə bir az sonra. Beləliklə,

4. ULUSLARARASI ÇUKUROVADA TÜRK DÜNYASI ŞEİR VƏ MUSİQİ FESTİVALINA

səfərimiz hər birimizin xoş-əhval ruhiyyəsi ilə müşayiət olundu. Dedik, güldük, şeirlər, lətifələr, hikmətamiz məsəllər, maraqlı əhvalatlar söylədik, mahnılar oxuduq, bir-birimizi yaxından tanıdıq. Yaşlılar bir az gəncləşdilər, gənclər uşaqlaşdılar, istedadla fantaziyanın, pozitivliklə romantikanın sintezi qəribə bir ortam yaratdı avtobusun bir adamın zorla keçə biləcəyi "dəhliz"ində, daha doğrusu, bütün salonunda. Artıq hamı bu bir həftəlik səfərin gözəl ovqatına köklənmişdi. Amma… Başqa səbəblər də vardı…

…Bir halda ki, nümayəndə heyətinin rəhbəri istedadlı şair, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacaran, əla yolçuluğu olan (səfərdə bu çox önəmlidi) İlqar Türkoğlu idi. Bir halda ki, vətənpərvər filosofumuz Asif Ata ocağının üç dəyərli övladı – Düzgün Atalı, Elli Atayurd, Birüz və istedadlı yazıçı, sədaqətli dostumuz Eluca Atalının bircə balası Ucanur bizimləydi. Bir halda ki, aramızda üçü biri-birindən gözəl və istedadlı Aysellərimiz vardı-Aysel Fikrət, Aysel Əlizadə və Aysel Xanlarqızı Səfərli. Bir halda ki, dərin məzmunlu və fikir yüklü şeirləri dilimizin əzbəri olmuş Ayaz Arabaçı və onun gözəl səsə malik müğənni qardaşı Zəka Vilayətoğlu bizimlə bir həftənin hər anını şeir və musiqi ilə bölüşəcəkdi. Yaradıcılığını sevə-sevə izlədiyimiz istedadlı şairimiz Ramiz Qusarçaylı ilə yol yoldaşı olmağın bir özgə ləzzəti vardı. Gözəl şair və məhsuldar jurnalist həmkarım Faiq Balabəyli hər zamankı kimi anın dəyərini verməyi bacarırdı. Bu səfərdə hamımız üçün tapıntı olan həzin və məlahətli, həm də kövrək və yanğılı səsə malik gözəlimiz Suma Tapdıqova və şairə, həm də gözəl səsli müğənni Zeynəb Dərbəndli bizimləydi. Sinədəftər aşıq Azər Fərmayıloğlunun şeir söyləmək bacarığı gur və şaqraq səsiylə birləşərək heyranlığımızı birə on artırırdı. İntonasoyalı şeirləri və gözəl səsi ilə sevə-sevə dinlədiyimiz, hamımızın dostu ola bilən müğənni Xəyyam Astaralı. Və biri-birindən istedadlı şairlər komandası: Nəcibə İlkin, Mikayıl Bozalqanlı, Süleyman Abdulla, Əyyub Şirvanlı, Aybəniz Qaragilə Qafarlı, Sehran Allahverdi, Rəbiqə Nazimqızı, Adilə Nəzər, Arzu Nehrəmli, Nigar Arif, Aləmzər Sadiqqızı, Narıngül Nadir, Şəfəq Sahibli, Nazim Hüseynli, Qüdrət Hüseynov, Nazim Vəliyev, Pərixanım Mikayılqızı, Elmira Aslanxanlı, Oqtay Şəfioğlu, Fazilə Qafarlı, Xalidə Nuray, Qabil Nəbiyev, Əli Əlibəyli, Fəxrəddin Qəribsəs, Əli Əliyev, Valeh Şamilov, Tahirə Məğrur, Loğman Məhəmmədoğlu, Sadıq Qarayev , Bənövşə Daşdılı, Rəfiqə Abbasova, Lətafət Cabbarlı,Günel Dəniz, Lalə Mədətova, İlham Qurbanoğlu, bəstəkar və səfərin fotolarını könüllü olaraq çəkməyi boynuna götürən həvəskar fotoqraf Elmir Mədətoğlu, Elməddin Həbiboğlu, səmimi xarakterləri və gözəl ünsiyyət qurmaq bacarıqları ilə seçilən Zaur Tapdıqov, Gülnar Əhmədova və Mənsurə Yusifova. Hərəsi bir gözəllikdə, hərəsi bir özəllikdə, hərəsi bir istedadda, hərəsi bir fərqli aləmdə… Gəl, bu cür insanlarla yolçuluqdan bez, usan, yorul, deyin… Əsla… Arada sırada çatışmazlıqlar, narahatçılıqlar oldusa da həmən an unuduldu, ya da sonra gülüşlə xatırlandı.

Yerləşdiyimiz Şənbayraq otelinin mədəni və diqqətli işçilərindən ayrıca yazmağa lüzum görmürəm. Bircə onu bildirim ki, otel binasının iki qat aşağıdakı zirzəmisində hər axşam qüzənlənən konsert proqramı bir özgə aləm idi. Təbii ki, festivalın rəsmi proqramına daxil olmayan və iştirakçıların istəkləri ilə rejissorsuz, senaristsiz, məşqsiz, hazırlıqsız təşkil olunan bu konsert özfəaliyyət səddini aşıb peşəkar müstəvidə idi desək, – yanılmarıq. Kimin bacarığı, qabiliyyəti nəydisə çəkinmədən ortaya qoyur, həm özü, həm də səfər yoldaşları əylənirdi.

Əlbəttə, festivalın gündəliyi və proqramı çox zəngin idi. Çukurova Ədəbiyyatçılar Dərnəyinin başkanı Halisə Təkbaş bu konuda nə lazımsa hər şeyi nəzərdə tutaraq yüksək səviyyədə təşkil etmişdi. Atatürk Parkına çələng qoyma və sayğı duruşu ilə başlayan proqram Adana Valiliyinə, Adana Böyükşəhər Bələdiyyəsinə, Sarıçam Bələdiyyəsinə, Karaisalı Bələdiyyəsinə ziyarətlərlə davam etdirildi. Ramazanoğlu Kültür Mərkəzi Yüregirdəki şeir dinlənməsi isə əsl sənət yarışmasını xatırladırdı. Vətənpərvərlikdən tutmuş lirik şeirlərədək, digər fəlsəfi və ictimai-siyası mövzudakı şeirlər gün ərzindəki yorğunluğumuzu bircə anda unutdurdu.

Festivalın ikinci gününün bir başqa özəlliklər vardı. Səfər Karaisalıya idi. Karaisalı Bələdiyyə başkanı Saadettin Aslan ilə bir süfrə başında çörək kəsmək və bu insanın qonaqvərvərliyinə və sadəliyinə heyran qalmamaq mümkünsüz idi. Festivalın bütün iştirakçıları ilə təkbətək görüşərək hal-əhval tutması və növbəti ildə də bizi aralarında qonaqlamaq istəyi düzü hamımızın ürəyincə oldu. Karapınar Parkı, Kapıkaya Kanyonu, Yerkörpü Kültür gəzisi, Kesirihan Alman Körpüsü – əfsanəvi Varda Körpüsü.

Haşiyə: Adananın 64 kilometrliyində yerləşən və Hacıkırı (Kıralan) kəndində Dəmiryolu Körpüsü olaraq 1912-ci ildə almanlar tərəfindən tikilmiş bu körpü Alman körpüsü olaraq da tanınmaqdadır. Yörə xalqı tərəfindən "Koca Körpü" (Böyük Körpü) kimi adlanır. Körpünün inşa edilməsində məqsəd tarixi ipək yolunun yerini alan İstanbul-Berlin-Bağdad-Hicaz Dəmiryolu xəttinin bir parçası kimi onu tamamlamaq olub. 200 metr uzunluğunda və 99 metr hündürlüyündə olan körpünün inşasına 1900-cü ildə başlanmış və 12 ildən sonra tikili istifadəyə verilmişdir. Müxtəlif daş nümunələrindən gözəl görünüşlü və mükəmməl tağlar üzərində inşa edilmiş bu körpü artıq tarixi abidə statusunu almışdır.

Seyhan Su Kanalı boyunca Adananın əsrarəngiz təbii gözəlliklərini seyr edə-edə yolçuluğumuza davam etmək çox təsiredici idi. Festivala Orta Asiya dövlətlərindən qatılmış şeir, sənət adamları ilə tanışlıq, şəkil şəkdirmək, onlarla ədəbi düşüncələrimizi paylaşmaq, fikir mübadiləsi aparmaq qürurverici və xoş idi. Festivalın 3 günü və yolda keçirdiyimiz 4 gün hər birimizin yaddaşında dərin izlər buraxdı. Türkiyədən "Gələn görüşlərədək" arzusuyla ayrıldıq. Növbəti görüşlərimizin həsrəti indidən burnumuzun ucunda.

Festivalın bütün iştirakşılarına sağ olun, var olun deyirəm. Sizi tanımaq və sizinlə birlikdə çox gözəl bir həftə keçirmək olduqca xoş idi.

PS: Adana Valisinə, Böyükşəhər Bələdiyyəsinə, Çukurova, Sarıçam və Karaisalı Bələdiyyələrinə, Çukurova Ədəbiyyatçılar Dərnəyinin başkanı Halisə xanım Təkbaşa və Azərbaycan nümayəndəliyinin rəhbəri İlqar Türkoğluna minnətdarlıq hissi ilə.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here